Məqsəd NUR
Yarıqaranlıq
(Küləkli şəhərin sirlərindən)
Copyright
- Məqsəd NUR, 1993
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi
ilə istifadə etmək icazə verilmir.
Şairin vüsalı
... Dağılmağa başladıq...
Pivəxanadan dönüb yerimizə sərmələnmişdik; şair saçını daramağa durdu və gözlənilmədən hamımızı söyməyə başladı:
- Əclaflar, tüklərim saralır, məni alkoqolik eləmisiz... ta mən pivnoya-zada getmərəm, tüpürüm sizin həyatınıza!
Onu qandırmağa çalışdıq ki,
saç uzandıqca ucları saralır, sonuncu dəfə bərbərə nə vaxt getdiyini bilirmi soruşduq, yox, bilmir, dedi və soyudu-oturdu. Dedik, bir gün pivədən kəsək, gedib
saçlarını düzəltdirsin, ya keçəl qırxdırsın. Bir də bizi söyməsin dedik. Söz vermədi, amma nəsə donquldandı...
Buna görə zirzəmidə qanqaraçılıq oldu. Şair yaddan çıxdı, nəsə bir siyasi mübahisəyə görə Nəriman məni yumruqladı. Bir-birimizin ağzı-burnunu partlatdıq. Elə oldu ki, şair özü bizə harayçılıq elədi...
İki gün qabaq - ayın 19-da axşam dərsindən gələndə Nərimanın əlində qumbara partladı: qızları qorxudurmuş. Sağ qolu itdi. Buna görə şairi lənətliyirdim; dalaşmasaydıq, Nərimana dil-ağız eliyərdim, tırım tutmuşdu. Soyudum. Şair özü Nərimanın sağ-soluna keçirdi. Mən də bıçağ udub oturmuşdum.
Şair də yaltaqlanmırdı. Hələ yeri gəlsə, mənim eləyəcəklərimi də üstünə götürürdü: ara qarışdırdığına görə bağışlamağım gəlmirdi.
Nəriman oxumağı atdı... istəseydi, sol əliynən də yazmağı öyrənə bilərdi. Özü bilər. Höcətiydi...
... Heç vaxt şairin dilindən söyüş eşitməmişdik. Biz qancıx kimi söyüşürdük: şairin məzəmmətli baxışı vardı, baxırdı, biz də bacardıqca könlünü bulandırmırdıq. Hər sən deyəndə də mədəni olmaq olmurdu axı. Hərdən Nərimanın şitənməyi tutanda, zirzəminin girəcəyində çöməlib türmədəqayırma, broletdən asılı xırda insan kəlləsini baş barmağında yellədə-yellədə pafosla şairin şerlərini deyirdi. Ürəyi soyumasa ayağa durub gəzişir, şerlərin ardınca dodaqaltı murdar söyüşlər ifraz edirdi. Deyirdi yandırıcı yaz, şair, yandırıcı...
Belə baxanda şairin nəsə bir zad olmağını beynimə Nəriman yeritmişdi. Klyonkanın üstünü yazmağı, pivə içməyi, bir az diribaş olmağı da Nəriman şairə öyrətdi. Deyirdi dərd səni öldürər, şairsiz qalarıq, arabir yüngülləşməkçün iç, söyüş söy, qızlarnan gəz. Sonuncunu deyəndə şair daş atıb başını tuturdu... Birinci
kursda şair dərsdən qıraq vaxtlarda əlini qoynuna qoyub pəncərədən baxırdı. Kimsə onu dindirə bilmirdi: Nəriman qızları öyrədib şairə söz atdırırdı, hamı ona sürtüşür, o
da qızarır və söz demirdi. Qızlardan qorxurdu (guya belə dəə, bunun bu işdən xəbəri yoxdu), yenə oğlanlarnan salamməleyki vardı. Şairə elə gəlirmiş ki,
qıraqdan sevgilisinin gözləri ona tuşlanıb. Gözləri yaaa... Axırı, bulvara gedəndə Nəriman şairi gəzməyə dəvət elədi və açıqca dedi ki,
təmiz oğlana oxşayır, onunla dost olmaq niyyəti var.
Mən də bir qız tutub-gətirdim, üzünə baxmadı...
Axır Xallı Klyonkanı şair də yazdı. Əlini qələmə atanda yanaqları qızardı... (guya də!) yaza bildi. İri hərflərlə “Xallı Kitabə”nin üstünə sevgilisinin adını yazdı. Altdan da o tarixi yazdı ki, həmin gün qıza ilk kəlməsini demişdi. Onda qızın 14 yaşı varmış...
...İki ildi baxırdım ona yazığın gözlərinə dərd çökmüşdü. Nəriman arada deyirdi, şair bir az da belə yaşayıb yazsa, dahi olacaq, Füzulini də, o
birilərini də keçəcək. Mən deyirdim ərə verəcəklər - başına döyə-döyə, ya da özü qoşulub birinə gedəcək. (Axı biz bilmirik qız nə qızdı) Üzünü də görməmişik. Kəndçi qızlarda var axı: özgələrin çuğuluna inanar, bu yazığı sınağa çəkər, sonra da dədəsi verər (guya ha!) zornan gedər, hələ bir qarnı da dombalar... ... əl-əlbət Füzuliyə çatacaqdı. Biz belə bilirdik.
Zalımın gözləri güləndə də dərddən gülürdü. İçəndə keflənmirdi, susub dururdu. Düz iki il gözlədi (ondan da qabaq nəqədə...). Qızın nazına dözdü. Nərimana qalsa, Füzulini ona görə ötə bilmədi ki... istədiyinə çatdı!
Mənim küsüm yalan olmuşdu; illərdən sonra yola gələn sevgilisinə qovuşmaqçün bizi tərk edən şairi Nəriman bağışlamırdı, sonuncu günlər hər addımbaşı onu sancırdı. İçi xıltdı də. Şair də susurdu. Bizi atıb qızı tutduğuna görə cığallıq eliyirdik (Guya bizi alasıdı!). Hamımız bilirdik ki,
bir yaxşı gün bu zirzəmidən çıxıb gedəcək, bir kişinin qızına evlənəcəydik. İndi neynəsin, şair qabağa düşdü...
Sonuncu gün “Xallı Kitabə”nin üstünə bir şer də yazıbmış:
Sağım divar, solum divar,
Önüm divar, arxam divar;
Yıxır məni bu divarlar,
Sıxır məni bu divarlar,
Səhər axşam hey o ki var...
Köçəndə ortası düyməli kepkası başındaydı. Bilirdi, Nərimanın belə kepkalardan zəhləsi gedir. Nəriman kepkanın düyməsini barmaqlarının arasına alıb şairin başından çıxardı, dazlanan gicgahından öpdü, keçəl yerinə ərkyana bir çırtma da vurdu, qucaqlaşıb bir azca belə qaldılar. Şair kepkasını çıxarıb Nərimanın başına qoydu, sonra da qəfildən kepkanı qapıb Küləkli Küçənin görünməzliyinə tərəf fırıldatdı...
***
... tində gözdən itdi. Nəriman ta ona m