Məqsəd NUR

Yağış dölü

(Küləkli şəhərin sirlərindən)

 

Copyright - Məqsəd NUR, 1996

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

K.M.-ə K.M.-ə

 

...Mənə elçi gəliblər; Ərdəbildəki qohumlardı, atam da kövrəlib, nənəm : anamdan savayı hamı ağlaşır, indiyəcən məktublaşırdılar, indi gəliblər, ürəyim atdanır, ağladım, dedim elçiləri yola salsınlar, bəlkə xəbərdən xəbərləri yoxdu, gəldikləri kimi qayıdacaqlar...

 

* * *

...Yağış yağanda özümü həndəvərdəki ağacların, otların, bilim səkilərin doğması bilirəm. Gülən olmasa, onların yerinə atılıb-düşərəm: toz-torpaqdan, dəmqazının hisindən silkinib çıxmaq otlara, küçələrə, yarpaqlara çox yaraşır. Yağış başladımı, bizim universitetə gedən yolda ayaqqabıların səsi bir özgə olur. O yola təzəlikdə qırmızı kərpic düzülüb; dükan sahibləri döşətdiriblər. Söz gəzir ki, kərpiclərin dözümü uzun çəkməz, bişimi həmənki deyil. Amma bir tərəfdən hamarlanır, bir tərəfdən eləsi var, qumu çıxır. Dədəm deyir, Parapetdə belə olub, yağışlar hər şeyi yerinə qoyacaq...

Yağışlı günlərdə ayaq səslərinin taqqıltısı çox yapışıqlı olur. İndiki dəb deyəsən altmışıncı illərdən gəlmədi: beləsindən xoşum gəlir. Hər dəb sevgili yağışlarıma yaraşmır! Özüm axır vaxtlar çox qalın kabloklu dikdabandayam, sinəmi kefim gələn qədər açmışam. Qara yubkam baldırlarıma yaman yaraşır. Anam tumanımın qısalığına mor tutub; tuman məsələsinə görə əlimnən yanğısı var. Zornan səsini içinə salır, bir az dədəmin qorxusudu, bir az da özü imana-dinə gəlib. Yoxsa ətimi kəsər, uf deməz.

Saçımı qısa kəsdirdim; ucları dodaqlarımın arasına girir, dar-darağım da yerindədi. Bu dəbin gözəlliyi ciddiliyindədi: rəng yaddaşı amma, qaradı, bir çəhrayı. Ağı, qırmızısı, yaşılı azdı. Ən çoxu da bizim kişilərin payızı-yazı geydiyi dəri gödəkçələrin rəngi yadıma gələndə beynim qıcanır. Deyirsən o bədniyabət rəngdən çıxa bilmirlər; sir-sifətlərini turşudub öz işlərinin dalıncadırlar.

Yazağzı yağış yağanda evdə qala bilmirəm, ayaqların səsinə qulaq verirəm: səsə çox qulaq versən gülməyin gələr - ayaqlar başları hara gəldi götürüb-itir. Deyirsən başlar ayaqlara yox, ayaqlar başlara böyükcədi. Dərsə gedən-gələn qızların əndamındakı əyər-əskik üzə çıxır: gombul da, əyriayaq da yerişini itirir: hərə özünə bir daldalıq axtarır.

Yağmuru hamıdan tez duyan özüməm: gəlməyini gözləmədən gəzintiyə toparlanıram. Evdəkilərin mənə acığı tutur: övkələri çatlasa dinmirlər, guya mən yağış-zad gətirənəm...  Ürəyaçan günlər az olur: burda külək hər şeyə şərikdi, havaya, suya, yağışa-qara... əskik olmur qaragəlmiş! 

Havadan xoşlanan kimi bulvara tərəf diyirlənirəm - dədəmnən bir yerdə. O mənim sözümnən çıxmır... Dənizə çatanda elə bil balıq kürüsünə qatılmış neft iynəyirsən. Özümü dənizin içində bilirəm. Mən görürəm, Allahım haqqı görürəm, bu yağış dənizi nətər yumağı bacarır: hisli asfaltları otları çimdirdiyi kimi buxta balıqlarını da istağa qoyur; narın-narın, tələsmədən bu sel-su dənizin canına işləyir. Elə bilirəm, şəhərin yağışlı günlərində balıqlar canlarına çəkdiyi nöyüt qatından silkinib oynayırlar, sevişirlər. Bəlkə bu andaca çaşıb buxtaya kürü tökürlər: ora açılan çirkli sular yağış selinə qatılanda axar güclənir, zavallı balıqlar da axarın bir küncünə sürülənib ya döl qoymağa, ya bir şey tapıb yeməyə cumurlar. Lap uzaqlara üzüb göm-göy təmiz sulara kürü tökə bilməzlərmi, nədən bu çirkabda qalırlar?! Dədəm deyir yeməyə, axara, bir dincliyə görə qalırlar; həm dənizin qaydalarına baxanda burdakı balıqlar çox xırda gücsüzdülər, bura onlarçün bir küncünə sığındıqları iri dünyadı...

Hərdən ağlımda balıqların səsini gözlərinin şadyanalığını uydururam... Axırda da gözümün qorası gedir. Ağlayıram... Fürsətim olsa balıqlara qoşulub dənizin dibində yaşamağa qaçardım. Sonralar hər gün dədəm bu sahilə gələr, ağarmış saç-saqqalının altından kimsə bilməsin qədər qımışardı, bilərdi ki, mən hardasa buralarda, onun ayaqlarını yalayan sahillərdə görüşünə gəlmişəm. Bir dəfə mən dədəmin ayağını suya qoyanda, onun arıq, əzalı barmaqlarının üstünə əllərimlə su tökdükcə bu duyğunu yaşadım... Amma dədəmi özümnən götürməzdim, bu dünyada bir adamım qalmazdı ki... Bir yuxum var: balıqların dölü barədə. O yuxunu dədəmnən savayı kiməsə danışmağa ürək qızdırmazdım, o vaxt anama da danışmadım... Neynirəm.

 

* * *

...İki qızıydıq. İkimiz qısatumanlı. İkimiz bulvarın uçub-sökülən bir taxta dayağının üstündə dənizin sonsuzluğundan nəsə gözlədiyimizi bilirdik, amma ?! Hər ikimiz eyni canıydıq; gözlərimizin rəngi, daraqlı saçlarımızın da ətri eyniydi, mən bunu qanırdım. Əynimizdəki qıp-qısa tumanı həmişə belənçi geymək istəmişdim, indi hər ikimiz anamızın bizi bu tumanda görüb saçlayacağından ürpənirdik. Dərd içində uzaqlara baxır, qıraqdan bir-birimizin tumanını eyni vaxtda marıtlayır baxışlarımız toqquşmazdan öncə içimiz paxılca çırpınır, təzədənbirləşibyolumuzu gözləyirdik. Biz Kit gözləyirik, , Kit... ya da iri bir delfinmi, balinamı, nəmi... yadımda qalan iri