Məqsəd NUR
Tərs kimi
Copyright
- Məqsəd NUR, 1997
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi
ilə istifadə etmək icazə verilmir.
1.
Bu qadın mənim uzağ əğrabamdı. Qara, boynu-boğazı xəzli paltoda, küləyin qarı minib küçələrdə at oynatdığı sazanaqda alçaqtavanlı evimin dəhlizində dayanıb. Çıxıb getmir. Onun gəlişi ürəyimi çəkib ayağımın altına sərmələyib. Gücüm çata, hər ikisini dəhlizdəcə tapdalayam: onu da, yanına salıb gətirdiyi oğlunu da. Bu qadının hər gəlişi üzür! Qohum-əğraba barədə gətirdiyi xəbərlər var:
mənimçün mənasızdı! Sallaq baxışlarımdan, meyit üzü gətirdiyim sir-sifətimdən bu qadın itilib-getməyini arzuladığımı görmürmü? Onun qəsdi uzaq qohumlardan gətirdiyi bəd xəbərlərnən məni sancmaqdı. Canıma oturasadı. Başdan-ayağa fırıldaq düyünçəsi. Gətirdiyindən sevinir: paltosunun dərinliyində fındıq boyda gözləri parıldayır... Boğazından tutub mətbəxə tərəf sürüdüyü zənbilə danışır: göstərmək istəyir ki, öz gününə şaddı. Ailəsini (ərini, gijdı ərini...) haralardan sürüb haralara gətirib; güzəranından razıdı, urvatlıdı, onun ağlına, namusuna söz ola bilməz. O göstərmək istəyir ki,
bədniyabətlik olmasın, mən bu alçaqtavanlı evdə heç vaxt xoşbəxt ola bilmərəm. Mən də onun belə bilməyini istədim, mənə sərfdi!
Kiminsə yerdən götürülməyi barədə (qocalardan biri götürüb ölüb) təfərrüatı ilə danışdı: yası yola verməyinnən dəm tutur. Mayasından qayçıladığı və boyası qopub-sökülməkdə olan dırnaqlarını ovurdunun üstünə qoyub durur. Ara verir. Oğlu az qala bu qadını dalıyca sürüyüb aparmaqdan özünü gücnən saxlıyasıdı. Mən də əliqoynumda. Lodur olub-qalmışam, soyuq divara sökənəklənib gözlərimi kipriklərimin dalına atıb gizlətmişəm (uzun kipriklərim var).
* * *
Üçkiloluq bankada qatıq da gətirmişdi, özü keçib mətbəxdə yerbəyer elədi, boş banka istədi: divara danışırdı. Mən ikisini verdim, o birini aldı...
2.
Elan qəzetinin “Adam axtarıram” bölməsini hər ikimiz gizlicə izləyirdik. Dəfələrlə, gizli də olsa, bura elan göndərmək, heç olmasa poçtda gizli ünvan qoymağa getmişik - ayrılıqda; mən özümü poçtun pilləkənlərində də görmüşəm, oturmuşam pilləkəndə, əlimi qıçıma, onun arasına çəkmişəm; amma elanları bərkdən, birlikdə oxuyanda hər ikimiz gülmüşük. Adam axtaranlara gülürük.
-Cındalar! (ikimiz də birdən deyirdik)
Hər dəfə (elanları ucadan oxumaq bizdə adət halını alıb) elan sahiblərindən bir neçəsinin səsini duymuşuq, o səsi duyanda heç birimiz gülmərik. Bu barədə çənə-çənəyə verib danışmışıq. Kimlərsə bu xırda şablon elanların içində ağlayıb-sızlayır, içlərini tutub anqırır və bu elanla qəhərlərini havaya atıb canlarını tıncıxmaqdan qurtarırlar. Elələri də var,
kef onu dingildədir, onda da biz təzədən gülürük...
Bunların bəziləri deyirsən musiqidi, o
musiqidən bizdə də var və biz o səsi bir küncə çəkilib tənhalığa qapılanda, yaxud qulaqlarımıza pleyer qulaqlıqları keçirib qaranlıq otağa çəkiləndə eşidirik...
3.
O
qızın bir də gözümə görünməyi mənə lazım deyil. Bilirdim, belə bir şey olmalıydı. Sən demə o,
daim qürur duyduğu beretini... (o
özünü fransız qadınlarına bənzətmək istəyirdi, amma gəzdiyi kişilərdən danışanda onları “özgə sinyor” adlandırırdı) ...hə, bretini az qala boğazınacan keçirəndə kaftara oxşadı və hələ mənim qolumdan yapışıb səndələyə-səndələyə yol da getdi, sevgidən danışdı, mənim yolumda durmayacağından, sevgiyə görə heç kəsə, heç kəsə yalvarmayacağından... yenə təkrar elədi... boğazıma keçməyəcəyindən danışır.
Bu onun ruhu deyil, onun ruhu hardasa uzaqlarda düşüb qalıb və hətta sərxoşlanıb asfaltı cırmaqlayanda belə o, həmin ruhu caynaqlarına keçirib qaytarmaq istəyir və bu zaman ifritəyə dönür.
Mən də onun minib çapmaq istədiyi köhnə xalçadan savayı bir şey deyiləm...
4.
Xalçanı bir sürü hikkəli qadın gətirib evin ortasına atmışdı. Üstündə iki şir üz-üzə baxışırdı, içiçeşnili butalar da qıraqlarına düzülmüşdü. Özüm, haçansa demişdim satılsın, itsin o xalça gözümnən, bu evdən çıxsın, gödəkdi, köhnədi... İndi camaatın yaxasından yapışmışam. Nəsə o
xalça fırransın gəlsin, buralarda hardasa yan-yörəmdə olsun... Xalça da valikdədi - İstanbulda...
Əvəzinə gödəkcə gəldi, deyirdilər it dərisidi. Deyirdilər bir sürü iti bəsləyib axırda sallaqxanaya doldururlar, dərisi bu yana, qalanı sabuna-filana gedir... Yadımdadı, xalçanı gətirən arvadlar (soruşmasam da əminiydim ki, sallaqxanaya küşkürlənən itlərin hamısı qancığıydı) bir sürü qoyunu arxaşa yığıb ağula doldurur, sonra üç ayağını sarıyıb birini açıq qoyur və qırxıb buraxırdılar. Tərəkəmə arvadları... Bu səhnədən itlərin xoşu gəlirdi, qızıxıb şellənirdilər. Şirə dönürdülər. Həmin vaxt da kürsək başlanırdı...
5.
Qadın eşidəndə ki Onun yaddaşı dumanlıdı, getdikcə lap da dumanlanır, korşalır, ayaqüstəcə, dar dəhlizdə onun yaxasından sallaşdı, az qala onu qara paltosunun arasına salıb sevindiyindən qızdıracaqdı ki, buna ehtiyac var! Qadın tez resept dedi, min cür iynə-dərman adları çəkdi və yazmağa məcbur elədi.
Yaxşı ki, yaddaşı dumanlıdı, qadın gedəndən sonra duman söhbətinə görə sevindi: belədə üzbəüzündəki hər şey yaddaşına yazılsa, məsələn, biri elə