Məqsəd NUR

Qırğız gündəliyi

 

Copyright - Məqsəd NUR, 1999

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

1. Göbək

 

- Ey, Canıbek!

- İ-ya!

- Bu qız sənin xoşuva gəlir?

- ...siyim var.

- Siyə baxma, kişi ol! Xoşun gəlirsə, çək apar uzat yovşanların üstünə...

 

Hərə bir tərəfə çəkildi. Üç tərəfdə siyən kişilər.

Canıbek qara BMV-nin arxasına keçdi. Qayıtdı. Arxa qapını açdı:

- Sən niyə düşmürsən? Sənin siyin yoxdu?

- Niyəki... var! Amma qızlar kişilərin yanında si eləmir...

- Sən qızsan?

- ...

- Mən səndən utanıram...

- Utanma...

- Gərək sən görünməyəsən.

- Görünmərəm.

- İstəminəm, sənin burda olduğuvu bilim...

- Onsuz da sənə baxmıram, Canıbek! Mən heç kəsi görmürəm. Heç birinizi, inan! Qoy mən sərilib oturacaqlara uzanım, lap başıma bir pencey atım, bax...

- Yox, sən başıvu yenə qaldıra bilərsən... Guya sən bu yekə kişilərin necə siydiyini görmürsən?

- Mən indi sənnən danışıram, Canıbek, mən onları görürəmmi?

- Sən baxmasan da bilirsən onlar nəcür siyir! Bilirsən, onlar hardan siyir...

- Get, get... indi mən neynim, deyirsən?

- Gəl sən gedək...

 

Canıbek göbəyiaçıq, sarışın, uzunboylu - əynində kapyuşonlu kostyumu olan qızın əlindən dartıb maşından çıxardı. Bu vaxta o biri dörd kişi şalvarlarının qabağını düzəldər-düzəltməz maşına tərəf qayıtdılar. Sürücü qapotu qaldırıb başını altına soxdu. O birilər gərnəşdilər. Nəsə danışırdılar.

Canıbek qızın əlindən yapışıb əvvəl asfaltın enişini düşdü, sonra qarşıdakı xırda təpəyə tərəf qalxdı, yerdən yovşan qırdı:

- Xoşuva gəlir? Atam deyir, bu zor otdu!

- Mənim otlardan başım çıxmaz, Canıbek. Biz hara gedirik?

- Görmürsən, daldalanmağa bir yer yoxdu, gəl, təpənin dalına girək, bizi görməsinlər.

 

***

Təpənin düz başında duruxdu. Dayanıb qüruba baxdı. Üstündə durduğu təpələr, təpələrin ardınca təpələr hər təpənin Gün düşən sinəsində quzey yovşanının parıltısı vardı. Boz-qırmızımtıl parıltı. Küləyin işiynən tumarlanır, itib-batır. Qara-qırmızı, şümal kəhər yalının yelləntisi kimi gözdən ötüb gedirdi. Hər gələn sızaq yelin toxunmağından yovşan kolları qüruba tərəf yalmanırdılar.

Harın quzey yovşanlarıydı. Kollanmışdılar, içlərindən iynə naziyi otlar pırtlayıb boy atmışdı. Otlar yovşan kollarına bəzək vermək, onlarla birgə tumarlanmaq üçünüydü. Vəssalam...

Canıbek bezdi. Biraz yovşanların arasınca qaçdı, yovşanları təpiklədi, şalvarının ayağına ilişən nədənsə cırnadı, bir həmən tilişkənimi təpiklədi. Qız əli qoynunda qollarının çatmasını açıq qarnının üstünə qoyub, bir ayağını yorğun madyan kimi qanırıb durmuşdu. Baxırdı.

- Nəyə baxırsan?

- Baxmıyım?

- Bax!

Canıbek yovşanların arasından qalxıb qıza gəldi. Qız onu əlindən dartıb getmək istədi. Hızlandı. Qızın əlindən dartıb balaca canıynan onu dalıyca sürütlədi, qarşıdakı daha bir təpənin üstünə qalxdı. Yenə qarşıda eyni təpələri ta nər, hündür, qarlı dağlara qədər, eyni parıltını, eyni yovşanı eyni işıq ilğımını gördü. Qızı təpənin yalına çəkdi. Bərkdən. Ona tərəf döndü. Boyu qızın dizinin gözündən biraz yuxarı. Başala barmağını qızın göbəyinə uzatdı. Qız diksinib açıq göbəyini gizləti geri atlandı:

- Neynirsən, Canıbek?!

- Göbəyivü əlləşdirirəm! Qəşəngdi...

 

***

Asfalt. BMV. Başqa kimlərsə maşının qırağında-başındadılar. Hərlənirlər. Görünürlər. İtirlər. (Canıbek qızı əlinin altından tərpənməyə qoymadı: arxası gördüklərinə tərəf oturtdu. Özü oturdu. Əlini göbəkdə qırağında gəzdirməyində oldu) Bu ara bir BMV gəldi-dayandı. İtib-batırlar. Nurpays bu tərəfə baxır, papağını düzəldir. Canıbek parıltılı yovşan təpələrinin qarşısındakı ağca  qızın çiynindən maşının həndəvərində toplaşanlara baxırdı. Baxdıqca qurşağından şalvarının altından nəsə pırtlayıb çıxmaq istəyirdi. Maşının qapotunda yenə kimsə əlləşirdi.

...Yolun o tayından, yulğunun arasından bir at çıxdı. Üstündə adam. Lülə. Deşiyi atın yalmanından qalxıb BMV-nin damına tərəf qalxdı. Maşının bu üzdən görünən qapılarından o üzünə atlananlar oldu. O vaxta qədər maşının damından görünən o üzdəki yekə bir baş sağa-sola, dala qabağa, yar-yarımçıq atlanıb-düşdü. Ya yerə, ya atın ayaqlarına. Canıbek qalanını görmədi. Atın üstündəkinin başı lülənin qabağında itmişdi. At dönüb yulğunların dal