Məqsəd NUR
Köhnə qəbristanlıq yerində dəmir yarpaqlar
(Küləkli şəhərin sirlərindən)
Copyright - Məqsəd NUR, 1995
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi
ilə istifadə etmək icazə verilmir.
1. Düşüncə
... Pəncərəmin önünə dəmir barmaqlıqlar pərçimlənib. Bahalı işdi, butalı naxışı var.
Sarmaşıqların və iynəli şamların yaşıllığı qışı da burdan əskik olmur. Külək qalxdımı, bir küçə yuxarıda və bir küçə aşağıda toz-dumanı canına çəkəsi bir yaşıllıq yoxdu, bozluqdu...
...Pəncərəmin tir-divarıma pərçimləndiyi bu yer bozluğun yalına yatmış bir kalafalıqdı. Bağ-bağatdı deyirsən: çinar tutla yanaşı... kimin ürəyindən nə keçib, torpağa oturdub; sarmaşıqlar və həmişəyaşıl ağaclar boy verib gedir. Köhnə qəbristanlıq yeridi, torpağı güclüdü. Düzənləyiblər və yurd salıblar. İndi, bir neçə alçaqtavanlı beşmərtəbənin cəminə “Akademqorod” deyirik...
Dəmir çərçivələrin sayı durmadan artır; son çeşnilər ağac yarpaqları kimidi. Ağ rənglənir və yerinə oturdulur. Bu sayaq dəmir yarpaqlar şəhərin boz yerlərinə də yayılır - elə heey pəncərələr önünə düzülür...
Hərdən barmaqlıqlarçün yer genəltmək qaçılmaz olur; sarmaşıqlar və illərdən qalan üzüm tağları bir şey tikməyə əngəl olanda doğranır. Budaqlar kəsilməli olur...
* * *
Pəncərəmin dəmir barmaqlığı arxasında oturub düşünürəm: paltar ipini asmaqçün üzbəüzdəki tut budağını harasından kəsim...
2. Qadın və tüstü
...Pəncərəsi üfüqə baxır. Bir az öncə müdam sərili qalan yatağında çapalayırdı. Hər şeyi lənətləyib söyürdü. Və şərvaxtını ötürüb evdən çıxmalıydı. Vurnuxurdu, pəncərəyə gəldi. Gün uzandıqca Günəşin gec batmağından xəbəri yoxmuş: “sən bu qancığa bax,
ay Allah!” - qışqırmaq istədi və əli çatsaydı (əlini dəmir baramaqlığın arasından uzatdı da) üzbəüzdəki beşmərtəbənin pəncərəsindən uzun qovağın başına kül səpələyən kök qadının cırımını çəkərdi. Kültökən də işini bilirmiş: iri döşlərini balkonun sürahısına sərmələyib o
yan-bu yana boylandı, vedrədəki külü ağacın üstünə əndərən kimi içəri dürtüldü. Qovağın üstünə və beşmərtəbənin damında qırılan üfüqə qaraqırmızı qürub rəngi çilənmişdi... Kül ağacın gövdəsinə, ordan da budaqlarına səpələndi, bir az da külək dağıtdı; üfüq kül rənginə qarışdı.
Kültökəni çox qəlizcə söydü, soyumadı. Bir də bərkdən söydü və yerdən məməşlərinə baxan kişiləri vecinə almadı: bir az irəli yayxandı - ürəyi sıxılırdı. İçi atlanırdı. Hər atlandığını duyanda pəncərədən çölə yayxanır, alnını dəmir butalara söykəyir: başını bir neçə kərə o yan-bu yana fırladır, saçları da buna uyğun dağılır-səpələnir, külək saçlarını alır və dəmir çərçivələrin üstünə atır... guya heç kəsi vecinə almır. Özü: “Varmı sonu, yoxmu, ay Allah” deyir, kirişgələnməyin içində üzülürdü...
Pəncərədən aralı zibillik yatırımlanıb. Axşamçağının səssizliyində o
zibilliyə od vurmuşdular. Yarpaqlar, kəsilən budaqlar salafan kisələrlə bir yerdə yanır və biryanı çürük vedrənin içindən göy tüstü boy verib göyə çəkilirdi. Özü: “Bu tüstü də ürəkçəkəndi: bütün cəzalar təki onun da iyi gəlir, rəngi var. Hamsı yuxarının boşluğunda itib gedəsidi.”
Siqaret dadına çatdı: içini yenə qaraöskürək tutdu; bu dəfə də bəlğəmini pəncərədən həyətə tüpürdü. Dünən bəlğəmi bu dəfəkindən çoxuydu: “Azalır haa!”.
Bir də siqaretini ağ, əyrimçə barmaqlarının arasında sıxdı, dodaqlarına yeridib sümürdü. Göy tüstü, sonra ciyərlərində gəzib gələn ağ tüstü pəncərədən göyə sovulub itdi...
...Ertə, Günəşin qalxdığını gördü və günahabənzər hərgünkü ağrısını təzədən çəkdi. Bu dəfə ağrı şiriniydi: hər şey unudulur! Və pəncərədən o
tərəfə görünən nə varsa - yerli-göylü -, lənətlədi. Guya dünən ölmək istəyirdi, bəlkə bu gün də şər qarışanda ölmək istəyəcək, sabah da. Və sabah da boylanıb kültökən arvadı söyəcək, başını yenə qayğısız o yan-bu yana atladacaq və... axır ki, özünü asmağa, ya da dərman içib ölməyə gedəcək. Özü: “Bəs nədən, ölmədim?!” Bu dəfə küllü ağacın arxasından qalxan qancıx Günəşin doğmağı saxladı. O
da bir cür həyasızdı! Nə vaxtsa o da dünənki tüstü kimi ustufca, səmirsiz sonsuzluğa çəkiləcək. Onun nələr çəkdiyini tüstülərin itib getdiyi o
sonsuzluqlar biləcək və dəyərini verəcək...
* * *
Və hər şeyi unutmaq, üstünün his-pasını yumaq, bəlğəmini tüpürmək üçün - isti suda içi yumşalır - çimməyə getdi... Su bulanlıq gəldi... Bir az gözləməli oldu. Pəncərəyə qayıtdı, təzədən çərçivələrə tərəf gərildi...
3. Yıxılanda balta çalınan
... Dönəlgəsi ötən ildən döndü. Qarıyıb-qaxsıdı. Ta kimlərinsə-nələrinsə yardımına ehtiyacı qalmadı. Az qala oxalanıb tökülən canının harayına özü də, yanında qalanlar da göz yetirmədilər. Donub durdu: eləbil iynə udub oturmuşdu, qürur tuturdu. O başqa söz ki başardımı, Yer üzünün bər-bərəkətindən doydumu? Yaxud, Ona çatajaq Tanrı payını nələr, kimlər qamarladı, ətraf doludu axı! Yainki, O bir güc sahibiydimi ki, ətrafındakıları söysün, döysün, başa qapaz vurub əldən qamarlasın. Ona qarşı çıxanları dalda qoysun: kök-köməcinin sayından, ədasından Yer-Göyə