Məqsəd NUR
Ero-gigiyenik
Copyright
- Məqsəd NUR, 2000
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi
ilə istifadə etmək icazə verilmir.
Yanğın
Mənim yalançı günümə başıküllü bir nənə lazımıydı ki,
ağlasın. Yalandan ağlasın! (Adamlara belə lazımdı!) Başqalarına günümü göstərib elə ağlasın ki, başqaları da ağlasın və sairə və iləaxır... Bircə, məni rahat buraxsınlar! Sonra da təkətəklikdə nənəciyim başımı tumarlayıb:
- Düpbədüz eləmisən mənim balam, əlivün lap içindən gəlib can-ciyərim - desin.
***
...Həmin gün yanğın Cuud Məələsində - Nikolay evlərinin birində baş vermişdi: mən mərkəzi yanğınsöndürmə idarəsinə zəng elədim və sonra özüm də yalanpışdan ora baş çəkdim. Guya! Əslində yanğınsöndürənlərin üzbəüzündəki qapıya söykənib onları izləyirdim. (Ehtiyatda saxlanılan variantım da vardı. Sonra deyərəm, neyçün məhz mərkəzi yanğınsöndürmə idarəsini tərpətmək istədim). Lap indi deyim... Bizim yanğınsöndürənlərin parad furajkaları yal döşündə aerodroma bənzəyir. Onların yerinə və qapı üzünə bağlı yanğınsöndürmə maşınlarının yerinə ürəyim sıxılır.
Nənəm mənə çardaqlar və taxtabacalar padşahı deyirdi. Mən nənəmin vaxtında çardaqlarda uçan quşları da səsindən bilirdim...
Evin çardağında yalanpış yanğın yaratdım və başqaları da o yanğını gördü: hətta binanın içindəki adamlar bir-birinə qarışdı. (Beşinci mərtəbənin sağ küncündəki bircə adamdan savayı). Üstdən gedən qaz trubasına spiçkə vurdum, vəssalam...
Dayanıb Mərkəzi Yanğınsöndürmə İdarəsinin çaş-baş yanğınsöndürənlərinə baxırdım: qapılar açılmırdı! Qaynaqçı gətirdilər. Qapıları kəsdilər. Alabaş yanğınsöndürən maşınlar darvazalardan çıxanı beşcə addımlıqdakı küçələrin içinə girə bilmədi: heç gözətçi postundan taksilərin şütüdüyü tıxaca dürtülə bilmədi. Siqnal-miqnal boş şey oldu! Belə olur: lap istəsən də belə olur. Bu basdırıqdan hara çatmaq olar?
***
Bütün sirr cib telefonundaydı: həmin beşinci mərtəbənin sağ kücündəki mənzildən mənə zəng gəlmişdi: yataqda yanğın vardı. Bəzən, həmin qadına güclü köpük lazım olur. İstəyir,
köpük onun yatağına, yorğanının altına və bütün mənzilinə dolsun...
Ən əsas
- ... Gəlin, gəlin keçin! Oturun. Buyurun. Bəlkə birbaşa lükların yanında dayanaq? Hə, elə yaxşıdı! Buyurun baxın içəri... Orda belə olmayacaq. Sözsüz, belə olmayacaq... İşığı özümüz salmışıq. Burdan siz, belə demək mümkünsə, görünməz bir işığa tərəf qaçacaqsınız. Divarlara fikir verməyin: orda dəmirdən deyil, betondur. İlişgi yeri var. Yaxın gəlin. Bura nə metro deyil, nə adi tunel. Siz qaçırsınız: teliniz ömrüboyu nəmo qalan siçovul bığları kimi sifətinizə tökülüb. Hə, bir vacib məsələ: siz, beton tunellərin dairəvi və sürüşkən divarlarıyla elə sürətlə qaçmalısınız ki,
bu qaçış xüsusi effekt yaratsın. Sürüşmələr olsa belə, caynaqlarınızı içəridəki ovxalanmış korroziya yerlərinə keçirməli və tempdən düşməməlisiniz. Caynaqlarınızın səsi plastik olsun. Plastika... Orda kifayət qədər yer var. Əsas quyruğunuzdur: əgər əlbəttə o sizdə varsa. O sizdə varsa, kanalizasiya sularına dəyməməlidir. Quyruğunuz varsa deyin, biz heç vaxt quyruğunuzun olub- olmadığını yoxlamayacayıq. Bu,
bizim işə xələl gətirən bir araşdırmadır. Sadəcə, o şəraitdə quyruğu gizlətmək imkansız bir şeydi. Hə, əsas suya dəyməməkdi. Təsəvvür edin, siz bütün yolu fır-fıra kimi fırlanır, bununla bahəm qabağa qaçırsınız. Borunun dibiynən axan sulara toxunmadan getməlisiniz. Çaşıb suya düşsəz, ya quyruğunuz (əgər varsa) dəysə, öz işinizdir, yol təzədən başlanmalı və suya dəyməyənə qədər eyni şeyi təkrar etməlisiniz. Əsas odur ki, sizə və tellərinizə istədiyiniz qədər nəmişlik verilir.
Ən Əsas məsələ mütləq, mütləq dairəvi qaçışdır. Bu qaçışın trayoktoriyası dairəvi və sürətli deyilsə, qaçmağa dəyməz. Hər şey son dərəcə şarmlı, sürətli və plastik olmalıdır. Plastika...
Sizin sonucdakı taleyiniz divar dibinə siyən və ağzı yara tökən əyalət uşaqlarının taleyinə bənzəməyəcək. Sonra sonsuz bir azadlıq gələcək. Sonra siz müqəddəs Maqdonalsın altındakı çıxışa çatacaq və ordan Parapetə çıxıb kefiniz çəkən qədər veyillənə biləcəksiniz...
Tranplinə qədər
Şapkə. Şapkəli. Başsız. Şapkəli planet. Maniken. Qarışqa və mis-qalaylı maniken. Planet. Şapkə. Baş. Şapkəli tozanaq. Qurbağa. Nəmli qarışqa. Nağıl. Nağıl və maniken...
***
Güzgü. Baxanda dostum özünü gördü. Gözünü görmədi. Qarışqasını görmürdü. Arxasındakı manikeni görürdü. Sinəsinə baxırdı. Manikenin başsızlığını görmürdü. Sivirtəli baş.