Məqsəd NUR
Dənizdən gələn eşq gecələri
Copyright - Məqsəd NUR,
1995
Bu mətni müəllif hüquqları
sahibinin razılığı olmadan kommersiya məqsədi
ilə istifadə etmək icazə verilmir.
Gömrük pəncərəsindən liman görünür. Uzaqlardan üzüb gələn gəmilər çəkilib gediblər: sanki onlar heç vaxt bu limana yan almayıblar, uzaq sahillərdən sement, yağışlardan qorunmaqçün tol,
pambıq yağı, Novruzqabağı ərik qurusu gətirməyiblər...
Dənizin üzünü tutmuş neft qatına baş vuran qağayıların dimdiyi yağlanıb: sanki bu,
onların paslanmamağına kömək üçündü...
m.nur
“... onlar günaha bülənmiş ailələrdə dünyaya göz açmışdılar, özləri də bu fani dünyanın ölgün şəhvətləri və ehtirasları əsirliyində yaşayanlarıydı...”
Nidze
“Öldürülmüş istəklərin yeri boş qalmamalıdı”
Asif Ata
...Qadınlarçün nə dəxli vardı, istisini bədənində, içində qoyub gedən o kişinin, qarayola getsin, sonsuzluğunda itdiyi dəniz okeana açılır, ya açılmır, bu dənizin sahili var,
ya yoxdu, bu kişilərin üzüb getməkdə işi xeyirdi, ya şər... Onların gözünü qıran dənizin üfüqlərdəki cansıxıcı və ümidsiz sonsuzluğuydu...
Bir kişi lap söyüş söyür, qucağındakı qadını qoyub gedə bilmədiyinə görə onu şillələyir, lənətləyir, sonra da diz çöküb qadının əl-ayağına sarmanır, gecəni səhərəcən ağlamsınırdı... Lakin gecəyə, eşqə, sözə və sairəyə gərək başqa cür baxılaydı: “Eşq gecələri” evinin sahibəsi belə düşünürdü. Gərək bu evə baş salan hər kəs günahların bağışlanmadığını və hər zadın ötərgi olduğunu duya, dan yeri sökülər-sökülməz “Eşq gecələri”nin küləklər gəzən eyvanına çıxan hər kişi kürəyinin arxasında və qurşağında ilişib-qalan xatirələrinə əl yellədib qarşısında dalğalanan dənizinə qayıda... Gərək onlar Göy duyğuları ilə yaşayarkən qəfil Yerə çırpılmaqdan qorxmaya... Düş! Düş, bir az da, yenə bir az da aşağı düş... “Eşq gecələri”nin qadınları nə dilnən olur-olsun qucağının istisində qızıxan kişini Yerə salmağı və onları soyuq dənizə qaytarmağı bacarmalıydılar. Dənizdən gələn hər eşq gecəsini beləcə yola verməliydilər. Gecəki günahlar dan yeri söküləndə başqa cür görünür və günahlardan baş götürüb qaçan kişilər gün çıxan dənizin üfüqlərinə tərəf üzdükcə üzür, torpaqda qalan qadınlarsa qalan günahları bir də bətnlərinə sıxır, bir azca qoruyur, istisi çəkilincə təzədən geriyə sıxıb dənizə tökürdülər. Onlar hər səhər sahibənin təkidiylə dənizin küləklərinə tərəf qaçır, yuyunub qayıdırdılar...
Qadınların dərdi dözülməziydi; gələn qonaqları əzizləməli, şərab içirtməli, özləri də içməli, eşqdə əvəzsiz oynaş olduqlarına inandırmalıydılar. “Eşq gecələri”nin sahibəsi bu qaydanı pozanları bağışlamamışdı. Kişilər də hərdən bu istiliyə duyğulanıb öz könlündəkilərinin ən dibini izhar edirdilər; o anda zavallılar günahsızlığın və paklığın içində çabalayırdılar... “Eşq gecələri”nin sahibəsi işrətin dibinə - dibindən də o
yana can atan kişilərə zülüm eləməmək təlimatı verirdi, Yerə çağırmağı və Göylərin əslində harda yerləşdiyini isnat verməyi məsləhət görürdü. Bəzən o
hər kişinin Səmanı bir başqa cür gördüyündən heyrətə gəlirdi. Göyləri heç bir qadın, o özü də bu qədər çeşnili görə bilməzdi! Dənizdən gələn kişiləri özündən çıxartmaq hər adamın işi deyildi, burda bircə kişi qadınlardan birinə vurulub qala bilseydi, qınaqdan və qübardan ölərdi. Dənizdən gələn kişilər geriyə - dənizə dönməyə məhkumuydular. Və onların oturaqlığı barədə heç bir qadın ağlından heç nə keçirtməzdi...
Bura nəm bir qum adasıydı, gələn nə vardısa - içki, geyim, yeyinti, qarğı, palçıq və kişilər sahillərin bir parçasıydı, o
da yar-yarımçıq və kər-kəsik bir parça ola. Burda kim qalardı; nə bir döl tutar, nə bir kol bitərdi. Ara-sıra uçurumsuz qum yarğanları və şor su gölməçələriydi; qadınlar dənizə yuyunmağa çıxanda qum adası boyu fır-fır fırlanırdılar, ətəklərini bellərinə atıb ətrafı qaçırdılar. Kişilərdən biri lağlağıynan danışırdı ki, dəniz azca qalxan kimi bu ada itəcək və onların gəmiləri gəlib burdan keçəndə yelkənlərini endirəcək, hüznlə suyun üstünə qurudulmuş çiçəklərdən xatirə çələngləri buraxıb gedəcəklər...
“Eşq gecələri”nin sahibəsi burda qalmağa qərar verə biləcək o
Kişini illərdi gözləyirdi: kimsə sahibənin bu duyğuyla yaşadığını bilseydi, əti tökülər, inanmazdı, hörmətdən düşərdi. Buna görə o,
özünü yaşamırdı: “Eşq gecələri”nin sahibəsi dənizdən gələn bütün kişilərdən əlini üzmüşdü, hətta heç bir ümid, burda qalmağa hər hansı bir gözlənilməz və fövqəladə cəhd onu gəldiyi nəticədən yayındıra bilməzdi: indi onun işi eşq gecələrindən sonra qızların bətnini qısır saxlaya bilmək və öz içində böyütdüyü ümidlərinin üstünə bir ləkə düşməyə qoymamağıydı...
* * *
“Eşq gecələri”nin sahibəsi çox gizlicə, qartımış və şirin xəyallarla yaşayırdı. Onun nəfsi çoxdan kişilərin qurşağında gəzişmirdi; o çoxdan sahillərdəki həyatdan yadırğamışdı: qadınlar o biri otaqlarda qızğın eşq yaşayırkən o, yatağına uzanır, dağda, ya bağda çiçək sərirdi. Dənizdən Qalan Kişini də sərdiyi çiçəklərin arasında xınalı çəmən daşlarının birinin üstünə qoymuşdu. Əvvəllər Dənizdən Qalan Kişi elə