Məqsəd NUR

Arxaş

 

Copyright - Məqsəd NUR, 1999

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

Vicdan barədə... Mənim vicdanım yoxdu, mənim sinirlərim var.

 

Akutaqava

 

 

...barəsində danışırsansa, demək narahatsan...

 

Tehran Əlişanoğlu

 

 

Hamısı gəlmişdi. Bir sürü narıncı “Renault” taksi burun-buruna əylədi. Toz qalxdı, taksilərdən qabağa qaçdı. Axşamayaxın havada bəyazlıq vardı: isti, soyuğudu. Əsl mən istədiyim hava belə olur.

Hamısı da üst-başına maya qoyub gəlmişdi. Saçlarını düzəltdirib parıldatmışdılar, üzləri həmişəki kimi tüklü deyildi. Elə birinci adam ayağını taksidən çölə qoyanda paltosunun ətəyindən gördüm: talkuçka malı geymişdi. O birilər eynən. Bu göstərmeydi? Mən onları bura - qu gölümün qırağındakı arxaşıma çağırmamışdım...

Bir az qıraqda qoyunlarım otlayırdı. Çəmənliyə buraxdırmışdım. Qoyunlarım təkcə çiçəkli otları yeyirdilər. Arxaşa qayıtmaq istəmirdilər. Qu gölümün qırağındakı çiçək-çəmənliyi gövşələyib qurtardıqca sonu görünməyən biçənəyimin dərinliyinə girirdilər. Bir-iki gecədən sonra təzədən gölün qırağında boy verən otlağı qırtmağa dönürdülər. Ağzıoyana mənim ucsuz-bucaqsız çiçəkli biçənəyim otluqdan çürüyüb gedirdi...

Özüm peyinnəmiş arxaşda qalırdım, açıq havada. Arxaşın yuxarı başında qurduğum apaçıq örtüklü alaçığıma işrətlə məşğul olanda, bir yağışlı günlərdə girirdim. Arxasıüstdə, üzü göyə uzanırdım. Üstümdəkinin ətirli çiynini ovcumun içiynən, barmaqlarımın ucuynan tumarlayıb yuxarılara zillənirdim. Bir dəfə onun sinəsini əmirdim, dayanıb çiyninin üstündən göyə baxdım: biləndə ki bu təkcə qadın deyil, bu, təyyarə yollarından o yana bir qanaddı mən hər dəfə onun içindən keçib səmaya baxıram, sonsuzluğa uçuram, o zaman əriyib gedirəm, sönürəm, ruh oluram, boşluqlarda əl-qol atıram. O da bunu duyan kimi sözsüz-filansız bədənimi, sifətimin cizgilərini dırnaqsız, nap-nazik barmaqlarının ucuynan xəfifcə cizgiləməyə başlayır. Canında varsa mənə ötürür, mənə qarışdırır: həmin anda mən oluram, o... Axırda soruşur:

- Bilirsənmi ağıllı əllər nətər olur?

Mən susuram. Öz əlimə onun əllərinə baxıram...                            

 

* * *

Arxaşım çəpəki dururdu - üzü cənub-şərqə tərəf. Uzaqda aeroport vardı, açıq səma vaxt baxsan xətlərlə kəsilirdi. Əvvəl xətlər düpbədüz, iti bıçaq kimi göyü dəlib keçirdi, az sonra qıdığlanan adam təki əriyib gedirdi.

Təyyarə izlərinin gəldiyi göyün küncünə baxırdım. Səmaya bu cür baxmaqdan qabaq dalı-dalı yeriyirdim: lap axırıncıdivara” - arxaşın küncünə dirənirdim. Elə bilirdim hündür binanın dibinə söykənib durmuşam, ta o yanası yoxdu. Burdan göyün uzaq küncünə baxıram. Mənə elə gəlir ki, sarınmağa başlanan yumağın içindəyəm. Yumaq da hər dəfə diyirlənib açılır, sökülür, yumanmaq istəyən ip-sapı kol-kosa vurur, tifdikləyir. Beləcə bir yumaq var o yumağın sarınmaq istəyi var, amma ip sarınır, yumaq yumanır. Baxdığım künc bir az üzüaşağıdı. Mənim qu gölüm arxaşdan üzüaşağıda dururdu, bax orda. Mən yumağımın tam kəsiyini görə bilirdim. Bu kəsiyi görmək hər nəyi desən görmək qədər mənə bəsiydi...

Külək hardan gəlsə, arxaşa çatar-çatmaz elə yönlənirdi ki, burdan həmişə sərin meh keçirdi. Hardan gəlsə, biçənəyimin o yanındakı çiçəklərindən ətir gətirirdi.

 

* * *

Çəpərli arxaşın içində oturmuşduq. Enli böyük stol açılmışdı, (bu stol gecəli-gündüzlü açıq üstü tər-təzə, dolu durmalıydı) şəkərbura, paxlava, üzüm... üzüm sallanıb tökülürdü stoldan. Mən süfrənin başında. O arxamda ayaqüstdə, əllərini boynuma salıb. Başımın dalını onun göbəyinə dayamışam. Başımın dalıynan göbəyini tumarlayıram: çəpərin ətəyində - o üzündə ördəklər, qazlar qu quşları üzürdü, qurbağalar quruldayırdı... Salxım söyüdün bir qanadı hörmə çəpərin başından bizim oturduğumuz arxaşa tərəf sallanmışdı...

Mən bu gələnləri çoxdan başımnan atmışdım. Əvvəl bir az qurdalandım. Biləndə ki onları lap çoxdan unutmuşam bunun üstünə arxadan mənə sarılanın boynumda gəzən isti nəfəsini duyanda bayaqkı məmnun halıma qayıtdım. Heç yerimnən qımzanmadım.

- Bu mənim qonaqlarım deyil, qu gölünün qonaqlarıdı, - deyib ona döndüm.

Ən azınnan çağırılmamış qonaqlardı. Belə qonaqların qarşısında öhdəçilik-zad olmur. Buyursunlar, stol açıqdı”, - fikirləşdim. Canımın rahatlığına qayıtdım.

 

* * *

Arxaşın yolu çiçəkli biçənəyin içindən keçib gəlir. Girəcəkdə iri bir tozxana var. Bura heç vaxt heç kim gəlmədiyindən toz qalxmır. Mənim sevimli “CNEVRIOLET”im tozlanmır. Arxayınçılıqdan mən onu arxaş qırağında - tozluğun yanındakı hündürlükdə saxlıyıram: ordan o həm məni, həm arxaşı, həm aşırımın o üzündəki çəmənliyin içi boyunca  uzanıb gedən, ortalığını ot basmış heç vaxt tozlanmayan sonsuz yolu görür... 

Toz aləmi bürümüşdü. Mühafizəm bu qədər taksidən bu qədər qadınlı-kişili adam sürüsünün arxaşın girəcəyinə gəlməyinnən başını itirmişdi. Gələnlərin arxaşın içinə tərəf yeriməyi tələbə nümayişinə oxşuyurdu. Aralarında 25 yaşdan yuxarısı olmazdı... Bu malikanəyə sahibləndiyim gündən mühafizəmə heç