Ələkbər Əliyev

100%

QAFİYƏLƏNMİŞ ŞİZOİZMLƏR



Copyright - Ələkbər Əliyev


Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.



POSTMODERN DÖVRÜN MANİFESTİ

Əziz və qiymətli Azərbaycan gənci!

Məğrur soydaşım!

Qloballaşan dünyamız girərkən 21-ci əsrə,

Azərbaycanımızın da bu yeni şəraitə

adaptasiya prosesində

müəyyən problemlərlə üzləşməsi labüddür.

Bu vətənə layiqiylə xidmət etmək,

bu müqəddəs torpağı qoruyub

gələcək nəslimizə daha gözəl,

daha azad Azərbaycanı ötürmək üçün

postmodern dövrün manifestini əzbərləməli,

günün 24 saatını hafizəndə saxlamalı

və maddə ba maddə həyatında tətbiq etməlisən.


***

Azərbaycan gənci!

Həyat yollarında ilk addımlarını atmağa başlamazdan əvvəl,

ruhunu sat!

Dərhal sat və xilas ol bu illətdən!

Və yaddan çıxar ruhunu satdığın o anı.

Və unudma ki satdığını çox böyük əziyyətlə

geri alabilərsən.

Ruhuna yenidən ehtiyac duysan,

onu səndən satın alanlar

bu istəyini hər kəsdən tez sezərlər

Üçə satdığını heç üç yüzə də geri verməzlər.

Ruhun elə qiymətə minər ki mat qalarsan.

Yaxşısı budur ondan bir yolluq üz əlini.

Çünkü geri almaq istəsən,

ruhunun müqabilində sənə verilən nüfuzu,

malı

və pulu

tutub alacaqlar əlindən.

Xülasə arxada qalmasın gözün

Sat ruhunu və xilas ol bu illətdən!


***

İndi də növbə gəldi vicdana.

Vicdan - başqlarının görmədiyini görən bir cüt göz.

O məlun gözləri kor etməlisən!

Sadiq it kimi

Sənə məzlum məzlum baxan gözləri deşməlisən!

Vicdanını ruhun kimi asan sata biləcəyinə inanırsan?

Böyük qəflət içindəsən!

tez bazar satıla bilər ruh,

vicdanı isə bir tula balasını boğan kimi

yavaş yavaş boğmalısan.


***

Allahı unudmaq,

onu həyatından silib atmaq

bugünün tələbi,

postmodern dövrün ehtiyacıdır.

Səni bir cüt gözün daima təqib etdiyinə,

izlədiyinə,

hər etdiyini gördüyünə

və o dünyada səni cəzalandıracağına

daxilində inanır, etiqad edirsənsə,

dərhal ged bir mədrəsəyə yazıl,

baş vaxt namaza əlli beş vaxt da əlavə edib qıl,

hər gün oruc tut.

Çünkü başdan ayağa günahdır həyat!

Yox əgər Allahı qəlbindən söküb atsan,

həyat yollarının üzərində heç bir maneən qalmaz.

Əlbəttə qanunları «iqnore» etmək

Allahı yaddan çıxarmaq qədər asan deyil

Amma bu da mümkündür.

Beynini işlədsən,

Bunun da üsulunu tapa bilərsən.


***

Hər vəchlə və ciddi cəhdlə pul qazanmağa,

milyonçu olmağa can at.

Bu sənin həyatının ən ali məqsədinə çevrilməlidir.

Zənn etmə ki ancaq puluna

və nüfuzuna paxıllıq ediləcəkdir.

Varlı insanın puluna göz tikilən

şəxsiyyətinə isə bir qəpik dəyər verilməyən zəmanə

geridə qaldı.

Əvvəllər bir insan

güya öz halal zəhməti ilə

milyoner olduğunu iddia etsəydi,

şəxsiyyəti tüpürlməyə belə layiq bilinməzdi.

İndiki dövrdə isə

qibtə edilən zad ancaq sənin pulun deyil,

«uğurlu biznesmen» kimi şəxsiyyətinə də pərəstiş edilir.

Artıq sənsən

Yeni nəslin nümunəvi şəxsiyyəti!


***

Əziz dostum! Azərbaycan gənci!

Unudma ki ən böyük hiylə düzlükdür.

Odur ki yalançı və ikiüzlü olmalısan.

Buna nail olandan sonra

Yeni bir mərhələyə qədəm qoymalısan

Yəni ki dürüst və təmiz insan olduğuna dair

Ətrafını inandırmalısan.

Ancaq əvvəla özün buna inanmalısan

Öz rolunu yaşamalısan, rol oynamamalısan!

Eşidirsən?

Rolunu oynamamalısan, rolunu yaşamalısan!

Əgər bunu da bacarabilsən,

Deməli saxtalığın maestrosu,

virtuozu olmusan!

Əhsən sənə!

Bil ki gələcəkdə usta yalançıları,

əsl simalarını unudma perspektivi də gözləyir.

Özünə,

mənliyinə yad olacaqsan dostum,

bundan da gözəl meditasiya ola bilərmi?

Yalan danışmaqdan qorxma qardaşım,

Yalanına inanmamaqdan qorx.

Nə?!

Ehtiyat edirsən yalan danışmaqdan?

Səfeh olma!

Uzaq başı yalan danışdığını anlayacaqlar.

Bundan da qorxma!

Bilə bilə danış yalanını.

Nəticədə

Qızıl qırmızı üzə durmaq nə imiş

Onu da əxz edəcəksən.

Həqiqət yalanı qova bilər.

Ancaq əsla çata bilməz ona.

Dəqiq olmaq,

vədinə sadiq qalmaq

sənə pul, şöhrət, imidj, tamaşaçı qazandıracaqsa əgər,

onda sözündə əlbəttə ki durmalısan.

Qaz gələn yerdən, toyuq əsirgənməz

Bilirsən…


***

Qardaşım!

rüşvət ağacı elə kök salıb ki bu ölkədə

Yarpaqları əsrlər keçsə də qurumayacaq.

Əgər istəyirsən olasan

Kompramatlardan uzaq

Əvvəla öyrən onu verməyin

Və almağın əndazəsini.

İnsan haqlarına hörmət edən dövlətimiz

çox güclü,

qüdrətli,

demokratik,

liberal,

unitar,

sanitar bir dövlətdir.

Və bu ümumbəşəri dəyərlərin permanentliyi üçün.

Rüşvət vermək zəruridir, gərəkdir.

Bəzi axmaqlar deyir ki

rüşvəti bu ölkəyə Heydər Əliyev gitirdi

Bədbəxtlər bilməyir ki

Heyvandarlıq və fahişəlik qədər qədimdir

rüşvətxorluq peşəsi.

Hətta deyərdim ki

Rüşvət kişinin qəhbəliyidir.

Bir qəhbənin bizdən nə fərqi var ki?

Onsuzda hər birimiz

bədənimizin bir hissəsini sataraq dolanmırıqmı?

Sən əllərinə,

mən beynimə,

o birisi başqa yerinə qiymət qoymayıbmı?

Kaş elə hamımız qəhbə kimi

bədənimizin ən qiymətsiz üzvünü sataraq

pul qazanabilsəydik.

Əmin ol əziz dostum,

fahişəlik

ruhunu və düşüncələrini satmaqdan

qat qat şərəflidir.

Yəni əsl fahişə artıq sənsən,

bədənini satan qadın yox.


***

Gənc Azərbaycanlı!

Hər şeydən şübhələn və hər şeydən qorx!

Qorxmaqdan qorxmaq ən böyük rəzillikdir.

Qorx!

Çünkü qorxan qorxmaz

Qorxan insan tədbirlidir.


***

Unudma ki,

postmodern həyat fəlsəfəmiz bizə

heç kəsi əxlaqsızlıqda ittiham etməməyi diqtə edir.

Hər kəs özünə görə cavabdehdir.

Bir insan xoşbəxtliyin reseptini tapdığına inanırsa,

nə gözəl!

Axı elə düzgünlük də,

Yaxşılıq da

Təmizlik də

insandan insana dəyişir, nisbidir.

İctimai həyatın tələbi,

insanların birbirlərinə təhəmmül etməsi,

dözümlü olmasıdır.

Sözüm odur ki,

Azərbaycanımız imkanlar ölkəsidir.

Zəiflərin çiyinlərinə basaraq

yüksəlmə imkanını hər bir vətəndaşına tanıyır

bu ölkənin «light» qanunları.

Bu münbit şəraitin olduğu məmləkətdə

sən hələ də semyorka BMV alabilməmisənsə,

kül sənin başına!


***

Dostluq!

Nə dostluğu? Səfeh olma!

Bir insan sənə sırf sən olduğuna görə,

bütün zəifliklərinə,

sarsaqlıqlarına

və çuşkalığına baxmayaraq dəyər verirsə;

səni maşınına,

arvadının xəyanətə meylli olduğuna

və hər gecə verdiyin ziyafətlərə görə yox,

üstün (!) insani keyfiyyətlərə malik olduğuna görə

sevirsə,

deməli sən - əsl Azərbaycanlı deyilsən!

Ola da bilməzsən!

Oportunist, merkantil Azərbaycanlının

dosta ehtiyacı yoxdur.

Hətta bu çox təhlükəli yoldur.

Erix Mariya Remarkvari pozisyonlara yox de!

Yanından uzaq tut dost adlanan,

psixiatrlıq iddiasında olan bu parazitləri!

Ey Azərbaycanlım!

Dost yox, düşmən qazanmalısan.

Çünkü dostlar saxta və süni,

düşmənlər isə gerçəkdir.


***

Tağıyev, Nağıyev, Muxtarov nağıllarına aldanıb

birdən ürəyindən kasıblara əl tutmaq keçər.

Nə badə belə səhvə yol verəsən!

Çünkü xeyriyyəçilik etsən də səndən nifrət ediləcəkdir.

Bu təbii bir haldır.

Həm varlı,

həm güclü,

həm də yaxşı insan olmaq bir xəyaldır.

Kasıblar və imkansızlar

minillik təcrübələrinə əsaslanaraq

Özləri üçün yəqinləşdiriblər bu həqiqəti.

Bu fakt sənin qanını qaraldmasın.

Onsuzda yaxşı insan olmaq kimi missiyan yoxdur

Yadda saxla!

Bu ölkədə heç kəs acından ölmür

Hər kəsin qarnı toxdur.

Onsuzda görəcəksən ki

Əl tutduğun kasıbların təşəkkürü,

səxavətin qədər saxtadır.

Çünkü təmənnasız kömək edənə qarşı,

Kasıbda hədsiz nifrət başqaldırır.


***

İmkanlı insanların qəlbində

başqalarına hökmetmə,

insanların üzərində hegemonluq qurma həvəsi yatır.

Bu ehtirasını boğmağa,

yox etməyə çalışma gənc dostum!

Odur ki,

Əsla siyasətə girməyəcəyəm demə.

Pulun və malın «cırmağa» başlayanda,

«gedim görüm bu siyasət nəmənəm şeydir» deyəcəksən.

Ən azından deyə bilərsən.

Ehtimal var.

Dünyada neçə dil danışılır deyə bilmərəm,

amma bir şeyi dəqiq bilirəm

milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin,

başa düşdüyü yeganə dil var – QAPAZ!

Ancaq!

Siyasi kariyeranda,

Humanizm maskasını hərdən bir taxmalısan ki

xoş ənənə davam etsin bu ölkədə.

Məsələn vəzifəyə gələndən sonra

bir dəfə də olsa baş çək qaçqın şəhərciyinə.

Amma unudma ki,

sən bu dünyaya insanlara yardım üçün gəlməmisən.

(Allahın vəzifəsini çiyinlərinə yükləmə

Daşıyabilməzsən!)

Qaçqın şəhərciyində «sizi deyib gəlmişəm.

Sizin üçün buradayam!

Sizin üçün çalışıram!» kimi nitqlər söyləyib,

bu ölkənin bir yandan anasını ağladan,

bir yandan da «vətən, millət» şüarları səsləndirənlərdən

biri də sən olsan ölməzsən.

Əsrlərdir qücə və iqtidara malik insanların

danışdıqları bu məşhur yalanı

sən də təkrarlamalısan.

Qətiyyən utanma

Ən tanınmış diktatorlar da,

«xalqın yanında olduqları

və xalqa arxalandıqları» yalanını danışmağı

özlərinə borc biliblər.

Onu da yadda saxla ki,

Postmodern iqtidarlar

günahlarını və səhvlərini boyunlarına almaqdan qorxmazlar.

Çıxıb xalqın qarşısına

«filan qəbahətimizə görə üzr istəyirik» deyərlər

və bir saniyə sonra dediklərini unudub,

eyni poxu yeyərlər.

Başını sal aşağı işini gör.

Siyasətə girsən də iqtidaryönümlü pozisyonlarda dur.

«Fikir azadlığı» nağılına aldanıb

gic gic danışma.

Meyyidini blokun qabağında taparlar yoxsa

Tozunu elə sovurarlar küləyə,

zərbənin haradan gəldiyini anlamazsan

Odur ki çaşma.

Üçüncü dünya ölkələrinin müştərək özəlliyidir bu

Nadan və cahillər fikir yürüdər,

Dövləti despotlar idarə edər.

Sən də bu despotlardan biri olmaq isəyirsənsə yala!

Yalamağı öyrənməsən əziz qardaşım

Arzuladığın mövqeyə də çatabilməzsən!


***

Əxlaq mənfur islam dininin uydurmasıdır

Necə ki Allahı unudmusan,

Əxlaq qandallarını da eləcə qır.

Prinsiplərini prezervativ, ya da corab kimi

Tez tez dəyişdir.

Burada qorxulu heç zad yoxdur.

Tərbiyəli və nəzakətli ol.

Oğraşlığın modası 20-ci əsrdə qaldı.

Postmodern dövran

səmimiyyət maskalarına üstünlük verir.

Yadında saxla ki nəzakət və gülər üzlə

Quyu qazımaq imkanların daha genişdir.

Tərbiyəli və əxlaqlı kimi görünən bir insanla

savaşmaq çox çətindir.

Xülasə

Nəzakət və tərbiyə, pislik eləməyə,

isnanların taleyini sındırmağa, mane deyildir.


***

Postmodern Azərbaycanlı

çuşkarizminə artıq son verməlidir!

Belə olmaz!

İntellektual fason olmaq əsrimizin tələbidir.

On il əvvəl belə bir zərurət yox idi.

Beşə alıb ona satırdın,

ona buna atırdın,

dolanırdın,

dolındırırdın.

İndi bunları eləmə demirəm.

Yenə də qəsb elə,

rüşvət ver-al, oğurla,

beşə alıb əlli beşə sat.

Lap elə ananı da, bacını da sat,

amma lütfən biraz savadlı kimi görsən.

Küçəyə çıxmaq olmur müxbirlərin əlindən.

İki dəqiqədən bir mikrofonu soxurlar adamın ağzına

«filan zad haqqında nə düşünürsünüz?» deyə.

Sən də gərək ki susmayasan.

Qoyun olmayasan.

Ağıllı bir sifət elə,

kameraya gülümsə (sırtıq kimi yox)

başla danışmağa.

Bir neçə şablon cümlə əzbərlə heç olmasa.


***

Ey qardaşım, Azərbaycanlım!

Vətənini və millətini sevmirsənsə

bu sənin demokratik haqqındır.

Heç sevmək üçün zorlama özünü.

Bu hissinlə barışmalısan,

Onda daha rahat olarsan.

Ancaq yaddan çıxarma ki

küçədə.

bayırda,

işdə,

meydanda,

televiziya proqramlarında

Söhbət vətənə millətə çatanda

Niaqara şəlaləsinin suları kimi

ağzından fışqırmalıdır tüpürcəklər.

Qurşağından aşağı olan vətəni

Canından çox sevdiyini hayqırmalısan.

Vətən-millət əleyhinə nəsə deyənin isə

Elə canlı yayındaca ağzını cırmalısan.

Qeyri səmimi görünməkdən çəkinmə

Bu ölkədə hər kəs sənin kimidir.

Azərbaycan «psevdopatriotlar» məmləkətidir,

vətəni sevmək şərt deyil

tələb edilmir.

Ancaq vətənin ədəbiyyatı olduqca önəmlidir

Vətən sevgisi haqda hər kəs ağız dolusu danışabilməlidir.

Uğrunda güya ölməyə hazır olduğun millətə gəldikdə isə…

Sənin evin əsl mənada qəsr,

qala olmalıdır.

Uzun divarlar hörüb,

Həmən o sevdiyin millətdən qorunmaqdan ötürü

Hasarını tikanlı məftillər

və qırıq şüşə parçaları ilə bəzəməlisən.


***

Məncə bu qədər kifayətdir…


HU

Mən Səni tapanda dərkindən uzaqdım böyüklüyünün

İtirəndən sonra anladım…

Sonra da duydum ki qayıtmaq gec deyil

Qayıtdım…

Mən heç kəsdən anlayış gözləmirəm

Məni Sən anla bəsdir.

***

O vaxtlar həyəcanım çox idi

İndi azalıb.

Deyirlər belə də olmalıdır

İnanmıram…

Daha doğrusu istəmrəm belə olsun.

Çünkü,

Səni yenə itirməkdən qorxuram!

Sonra kimə şikayət edərəm axı?

Ancaq Səninlə təkbətək qalanda

Açılıb saçılıram,

Saçlarımı yoluram…

***

Orijinal olmaqdan ötrü

Səni söyə də bilərdim.

Ələ sala bilərdim axirzamanı

Kitabını təhqir edərdim

Alqış tutan da tapılardı mənə

Şöhrətə qovuşardım

Sonra da tula kimi diz çöküb qarşında

Bağışla deyərdim.

Bir damla da göz yaşı tökərdim

İnandırıcı olsun deyə,

Sən də bağışlayardın…

***

Eşidmişəm ki

Qapın açıqdır, mərhəmətin də geniş

Nə qədər geniş?

Az qalıb

Gec tez öyrənəcəyəm.

***

Mənim məhrəm bildiyim günahlarım var

Onlar Sənə əmanət

Sənin əmanətin isə…

Xəyanət etdim bilirəm.

***

Dəfələrlə məktubunu oxumuşam

Mənə nəsə demək istəyirsən

Bir onu anlamışam ki

Anlamaqdan uzağam Səni.

Lakin yenə də Səninləyəm.

***

Mən Səndən razıyam

Ağzım nədir olmayım?

Mənim davam özümlədir

Nə Səninlədir, nə onlarla.

Hərdən mənə elə gəlir ki yoxsan

Onda da başa düşürəm ki vəsvəsədəyəm.

Olmasaydın əgər

Yoxluğunu düşünmək üçün

Ağıl olmazdı məndə.

***

Açarımı itirdiyim gün

Səni ən çox düşündüyüm gündü.

Mən o gün qapılarımı da itirmişdim

Hamısını

Birdən!

Səhər açıldı tapdım

Açarımı da qaytırdın mənə

Qapılarımı da.

Amma yenə unutuldun…

Vacib işlərim çıxmışdı

Dünya almışdı məni qoynuna…

Axşam bağışla dedim

Dəqiq bilmirəm amma

Deyəsən bağışladın.

Küçədən məsum körpə gülüşü eşidildi.

Ardından da çırpıldı pəncərəm.

***

Hərdən üsyan edirəm

Özümə.

Dedim axı

Mənim davam özümlədir

Səndən razıyam

Haqqım var ki olmayım?


YANINDA OLANDA UZAQDA OLMALAR

(MƏCHUL TÜRK ŞAİRİNDƏN ETKİLƏNƏRƏK)

Süpürüb ulduzları və ayı,
Özünlə aparmısan kölgəmi də...
Başlamayan bir məhəbbətin

Dərdi var ürəyimdə...
***
Söhbətim romans uzaqlıqlardan.
Tüpürüb dabanına yollara düşmələr,

Ya da fikirdə ayrılığa düşmələr haqqında.
Qalmaqallar,

Yanında olanda

Uzaqda olmalar haqqında.
***
Beyinimin bir küncündə,

Öz yerində oturmusan.
Gündə kim bilir neçə dəfə

"Kaş ki"li cümlələr qururam,
Gülüşün düşür yadıma, səsin duyulur...
"Hazırlaş, gəlirəm" deyirsən xəyalımda;
Birazdan yanımda olacaqsan elə bil.
Vüsala neçə gün qalıb?

Sayıram.
Bu zəhmətin bi hudə olduğunu bilsəm də,
"Hansı məkandadır görəsən?"

Soruşuram

Pişiyə, itə…
İmkansız təbəssümün düşür yadıma,
Gizlin gizlin bayağı mahnılar dinləyib

Uyuram.
***

Dedim axı, ayrılıqlar da başqa başqadır,
Bax elə ona görə də,

Rast gəlməkdən qorxuram sənə,

Əslində xoş bir təsadüf gözləyirəm.
Biri "onu gördüm" deyər bəlkə! 
Haqqındakı cüzi xəbər də məlhəmdir,

"Maraqlanmıram" deyirəm, amma bicliyimə salıb

Sual sual dalınca verirəm…
Güya «mənə nə»?

Amma yanıram...
Heç kəs axmaq deyil,

Sezilir dərdim.

Qulaq asıram,

Özlüyümdə mənalar yükləyib eşitdiklərimə

Yozuram.

Sevgilim xəbərin var?

Olursan

Fahişə,

Məsum mələk,

Bəzən fələk

Çomaq və təkər

Soxa sox…

Tərləyirəm…

***

Yadındamı? "Münasibətlərimizin davamı üçün
bir müddət ayrı qalsaq yaxşı olar" deyib,
Razılaşmalı ayrılıq müddəti təyin etmişdik.
Məhəbbəti sınağa çəkdik.
Gərgin gözləyişlər,

Hələ də geri qayıdacaq deyə,
Boş ümidlər.

Bəs məhəbbət?

Qurtulacaq görəsən?
***
Bax belədir məhəbbət...

"AYRILIQ DA MƏHƏBBƏTƏ AİDDİR!"
Məhəbbətlər də bizimdir

Ayrılıqlar da...

…SƏNSƏ…SANSA…

TAPMACASI

Səninlə razılaşmayan kəsə

Erməni deyirsənsə;

Məni sancmayan ilan

Min il yaşasın deyirsənsə;

Rüşvətə hörmət deyirsənsə;

Çörək Qurandan irəlidir deyirsənsə;

Ye iç keyf elə,

Beş günlük dünyadır deyirsənsə;

Qeyri səmimi tostlar deyirsənsə;

Mənim heç bir günahım yoxdur deyirsənsə;

Diplom intellektin ekvivalentidir deyirsənsə;

Qızıl dişlərini nümayiş etdirərək

Məktəbi qırmızı diplomla qurtardığını

Fəxrlə elan edirsənsə;

Uzun saçlı kişilərə «petux» deyib,

Əslində özün latent homoseksualsansa;

İctimai nəqliyyatda kitab oxuyanlara

Ən azı dəli gözü ilə baxırsansa;

Biraz bədənin var deyə,

Dar köynəklər geyirsənsə;

İctimai tualet mədəniyyətinin ölkəmizdə olmaması

Səni narahat etmirsə və duvar diblərinə sığınırsansa;

Peysərin yoğundursa,

Qarnın da yekə

Və diskomfort yaşamırsansa;

Küçədə bir qadına təcavüz edirlər

Və sən laqeydsənsə;

Qeyrətdən, namusdan dəm vurursansa;

Bu şeri oxuyub dodaq büzürsənsə;

Ümumiyyətlə bu şer deyil

Səfsətədir deyirsənsə;

Meyxanadan ləzzət alırsansa;

Təyyarədən lül-qəmbər sərxoş çıxırsansa;
Həyatın mənasını maşın almaqda görürsənsə;

Məişət boğursa səni

Və sən bundan dəlicəsinə həzz alırsansa;

Ailə quracağam deyə mazoxistcəsinə

Əziyyətlərə qatlanıb

Dünyanın ən bahalı leqal vaginasına qovuşmaq xətrinə

Xonça- xonça paltar,
Brilyant komplekt,
5 mərtəbəli tort

500 dollarlıq gəlin paltarı

100 dollarlıq limuzin dərdi çəkib,

Həyatını fani və rəzil şeylərə sərf edirsənsə;

Və pul yığmaq xatirinə toy edirsənsə;

Toyda içib, ağız suyunu axıdaraq qadına qıza baxır

Xəyalında onu altına salırsansa;

İl ərzində min bir qələti edib

Məhərrəmlikdə içmirsənsə;

Öz əclaflığını, tüfeyliliyini, şərəfsizliyini

İslama bağlayıb,

Problemi özündə yox, dində axtarırsansa;

«ŞALVAR-PƏNCƏK» dəstinə KOSTÜM deyildiyini bilmir

Və eşşəkcə, inadla «KÖSTÜM-ŞALVAR» ifadəsindən

Əl çəkmirsənsə;

Mənim kimi «pofigist» adamı

Öz düşük düşük hərəkətlərinlə

Utandırırsansa;

Yorğanın altına girib,

Dolanıb boynuna arvadının

İqtidarı söyürsənsə;

Biz Türklərdən daha savadlıyıq,

Rusun dövründə çörək otuz qəpik idi,

Yessentukiyə, Kislovodskiyə, Soçiyə

Gedərdik dincəlməyə,

Mineral sularla özümüzü klizma elətdirərdik

Deyirsənsə;

Tabularını və komplekslərini

Özündən zəifləri əzərək

Kompensasiya edirsənsə;

Uşağının paltarına öz ağırlığın qədər

Göz muncuğu taxırsansa;

Uşağına bicbala, vələdizna, oğraş

Sözlərilə müraciət edib

Faktiki olaraq arvadını yad kişilərin qoynuna

Atırsansa;

İmkan vermirsən ki uşağın uşaqlığını yaşasın

Və körpə vaxtından ona iyrənc, zövqsuz, ət tökən

Qara kostümlar geydirib, mal dilinə oxşayan qalstuklar

Taxırsansa;

Satırsansa, satırsansa, satırsansa

Satırsansa, satırsansa, satırsansa

Satırsansa, satırsansa, satırsansa

İndi de görüm sən hansı milləttənsən?


MÜĞƏNNİ OLMAQ İSTƏYİRƏM

Mən də oxuyum

Qara gözlərdən

Şirin sözlərdən

Həsrəttən

Ayrılıqdan

Taledən

Qisməttən

Fələkdən

Kələkdən

Məhəbbətdən

Vətəndən

Qeyrətdən

Hicrandan

Xəyanətdən…

Və sair gic gic

Banal şeylərdən

V POPUulYAR olmaq

İntervyular vermək

Dalım amortizasiyalı

Ürəyim qlobalizasiyalı

Gözlərim meteorolizasiyalı

Yaşlar axsın vedrə vedrə

O verlişdə bu verlişdə

Televizordan girib xarabanıza

Beyninizi s….ək

Yuxularınıza girmək

Musiqi zövqunüzü gəbərtmək

Meyxanaçılarla duet

Repçilərlə minyet

Həsən soxdu dəyirmanı…

Nazik cılız səsimlə

Sübhünüz açılsın

Qaralsın gecəniz

Pozulsun sinirləriniz

Qalın aciz.

Dirsəyinizi dişləyin

Varsa cəsarətiniz susdurun bizi

Nazpərilər

İlahələr

İzzətlər

Rəksanələr

Nadirlər

Mətanətlər

Səyyadlar

Könüllər…

Küçələrdə, bazarlarda

Marketlərdə

Marşrutlarda

Az qalıb lap yaxında

AZAL-ın samalyotlarında

Bizi dinləyəcəksiniz!


MƏNIM DÜNYAM

Bir topum vardı…

Bir də kitablarım

Rəngli səhifələrinə baxaraq

Dünyanı tanıyırdım

Addım addım.

Mənim dünyamda

Xəyallarımda qurduğum

Yaşıllıqlar

Qaranlıqlar vardı.

Xəyanət də vardı

Amma saflıqla yoğrulmuş…

Uşaqlığımda bir deyil

Min dünyam vardı…

İlk masturbasiya təcrubəmi

Danışdığım aynam…

Ve Sovetski küçəsində

Namusun ancaq öz ailə üzvlərini

Əhatə etdiyinə inanan

Namussuz

Nəşəxorların

Gözləri ilə görən oğraşların

İşlədikləri namus cinayətləri…

Bunlar mənim

İlk kişilik dərsimdi…

Mən hələ o vaxtlar

Qeyrətin olmadığı yerdə

Onun haqqında

Söhbətin çox getdiyini

Bilmirdim!

Mən hələ o vaxtlar

İki üzlü insanların

Kitablarımda gördüyüm

Cəngəllik yırtıcılarından da betər olduğunu

Bilmirdim!

Mən hələ o vaxtlar

Pulun ancaq dondurma almaqdan ötrü

Xərclənmədiyini bilmirdim.

Amma xoşbəxt idim…

Aldınız əlimdən,

Yıxdınız qayğısız dünyamı

Şərəfsizlər!

İndi mən sancısıyla bu toplumun

Sancılanıb

Dərdlənməli,

Yerlərə tüpürənlərə

Ağac diblərinə işəyənlərə

Qadına, qıza sataşanlara

Rüşvətxorlara

Din tacirlərinə

Nifrət etməliyəm.

Nə üçün?

Onsuzda gücüm çatmırsa

Əgər düzəltməyə vəziyyəti?

Mane olmağa,

Bu murdar axını dayandırmağa,

Cəsarətim yoxsa

Nə üçün yaşayıram?

Cavab verin mənə

Şərəfsizlər!


GECƏ DÜŞÜNCƏLƏRİ

Bu işığın qabağını

Heç kəs ala bilməz

Günəş yandırır şəhəri

Çünkü mən belə istəyirəm

Lənətə gəlmiş dünyanı

Onsuzda bir gün tərk edəcəyəm

Gedəcəyəm özünə inamı qalmamış həyatdan

Gedəcəyəm.

Paralel dünyaların məişət adamları

Fanilikdə xoşbəxtlik axtarır

Qurbanlar kəsilir bütlərə

Daşlar bəsdi deyir,

Qanlar axmağa davam edir.

Çılğın fantaziyalarıyla zalımlar

Qəlblərimizi analiz etmədən

Talelərimizi yıxırlar

Atomlara, zərrələrə parçalayırlar.

Dalımızca daş atırlar

Tüpürürlər üzümüzə

Qapmız da yoxdur ki bağlayıb qaçaq.


QANLI GÖLÜN YARANMA TARİXÇƏSİ

Darıxıram, darıxıram

Adın dodaqlarma abunə

Nəyim varsa paylayıram

Ulduzları bağışlayıram

Xatirələrimi unuduram

Duvarlar zara gəlib

Sənsizliyin dadını alıram

Tərinin qoxusunu yastığından duyuram.

Darıxıram, darıxıram

Uşaqlığımın saçına sığal çəkmək istəyirəm

Əlim keçəl başa dəyir

Ağlayıram, ağlayıram.

Ana sevgisi nədir

Nəmənəm şeydir

Doğmaqdan başqa nə iş görər

Bilmək istəyirəm

Yaşamaq istəyirəm

Saralıram, saralıram

Yatıram Semaşkoya

Qaralıram

Darıxıram, darıxıram…

Yavaş yavaş əriyirəm

Qazana, tavaya əl atıram

Beləcə acıdığımı anlayıram

Darıxıram, darıxıram

Çıxıram küçəyə

Miskin sürülərə baxıram

Bir nəfər siqaret istəyir məndən

Onu rus dilində üç hərfə yollayıram

Döyülürəm, döyülürəm

Girirəm duşun altına

Qanlı sular axır trapa

Bu da qanlı gölün yaranma tarixçəsi.


OĞLUMA NƏSİHƏT
Gordüyün o baldırı çılpaq
Döşü başı açıq fahişə
Qaraltdı mı qanını?

Qınayırsanmı yoxsa
Satır deyə bədənini,
Əmanətini?
Sarsılırmı zənnedirsən
Cəmiyyətin təməlləri?
Səhvin var oğul!
Bu qadın
Allahın ona icarəyə verdiyi
Vücudunu satır
Əqidəsini deyil!

Onun onsuzda əqidəsi yoxdur.

İnanmırsansa soruş.

Əmin ol ki
Bir rüşvətxordan pakdır o qancıq
Hər gün Aqua Parka gedəbilməsə də…

Qəribə də olsa

Satın alınmayan məmur yoxdur
Az təklif olunan qiymət vardır.
Unutma!

Bir rüşvətxor
Bir fahişənin

Əlinə su tökməyə də layiq deyil.

Hətta mən deyərdim ki

Ziddiyyət dolu ürəyinin
Ucqarlarında
Bitən son sevgi çiçəyini də
Qoparmadan bu murdarlar
Qaçıb gedək bu məmləkəttən
Oğlum!
Qaçaq!
Mən sənə vəd etmirəm
Xoşbəxt gələcək,

Heç olmasa
Təzadlardan uzaq olarsan
Buna söz verirəm...


MÜƏLLIMDƏN RİCA
Mənə danış riyadan
Təkəbbürdən
Satqınlıqdan

Lovğalıqdan
Xəyanətdən
Ibnəlikdən!!!
Vətən millət ədəbiyyatına
Toxdur qarnım!
Əməldə yox,
Sazda sözdə qalan qəhramanlıqlardan
İkrah etdim.
Sabah addımlayanda
Həyat yollarında
Minəndə mənə
Bəxti gətirmiş tələbələrin
Kafedralarda
İdarələrdə
Xəstəxanalarda

Məhkəmələrdə

Vergi orqanlarında
Gömrüklərdə

Voyenkomatlarda
Və sair pullu məkanlarda…
Mən səni lənətləyəcəyəm
MÜƏLLİM!!!


YERLİ HAYKULAR

Bir mən varam

Bir də qeyriləri

Həyəcanlanıram.


Xəstə deyiləm amma

Yanımda olsaydın

Ürəkdən zarıyardım.


Susayanda

Söyürəm lüləsi paslı

Qəfədanı.


Əlimdə qamçı

Qarşımda sən

Məni qamçılayırsan.


İlk sevgi

İlk nifrət

İlk intihar.


Qaralanda hava

Düşür yadıma

Yadıma düşməyin.


İstəyirəm onun olasan

Sonra qayıdasan

Səni qəbul edim.


Həyatım səyahət

Məsafələri qısa

Yolu uzun.


Dənizdən çıxan ay

Şöləsini əsirgəyir

Pəncərəmdən.


Qolu zorlulardan

Nadanlardan

Qomrallardan iyrəndim.


Mən səni

Belə belə edim

Dalınca.


Qadınlar soyunur

Geyinir

Danışır…


DÖYUŞ ALNINIZA YAZILIB

Nə üçün alnıMıza yox

Məhz alnıNıza?

Lütfən belə səfeh səfeh

Provakatif

Suallardan bizi azad edin.

Yaxşısı budur siz Qarabağı

Azad edin.

Biz də bala bala

Ölən qardaşımızın ruhundan

Faydalanaq

Qazanaq

Dolanaq

Ve… dolandıraq

Əlbəttə ki

Məmurları

Hansılar ki unudublar

Qarabağı.

Biz onsuzda qardaş itirmişik

Yə”ni borcumuzu ödəmişik

Ona heykəl qoymuşuq

Ona görə də hər Allahın günü

Zart zart zarttıyırıq:

Doyüş AlnıNıza Yazılıb,

AlnıMıza yox!!!


QIRIN ZƏNCİRLƏRİ

Nə olar qırın zəncirlərinizi

Qırın!

Üsyan edin artıq

Ayağa qalxın!

Qədər deməyin

Zillət deyin və

Yıxın qaranlıq divarları

Yıxın!

Çılqın dəniz olun

Coşun!

Heç olmasa bir saniyə

Vicdancığınızın

Səsini dinləyin…


BİZ AZƏRİLƏR…

Mərkəziyik kainatın

Ətrafımızda dönür

Günəş də ay da.

Ən gözəl mətbəx bizdə,

Ən gözəl təbiət bizdə,

Qonaqpərvərlik,

Dünyanın ən gözəl qızları,

Və andıra qalmış11 iqlimin

Doqquzu bizdə

(Bezmişəm daha bunu eşidməkdən

Öz aramızdır, siz də?)

Qeyrət bizdə, namus bizdə

Vətən sevgisi

O da bizdə.

(Gələn il Allah qoysa

Şerlərimi Şuşada oxuyacaqsınız

bla bla bla)

Cəsarət

Şucaət

Milli mentalitet

Çomaq soxmaq

Qulp qoymaq

Ponyatka da bizdə

Çatışmayan nə isə var amma…

Amma nə?

Bu sualı tapanın

Başı bədəninə deyəsən

Ağırlıq edir.


ATA

Boynuna mindiyim

Əlindən tutub küçələri arşınladığım

Sofyanın dumanlı üfqündə gizlənmiş

Kilsələrə heyrətlə tamaşa etdiyim

Ancaq körpə olduğum üçün

Haraları gezdiyimi anlamadığım günlər üçün

O qədər darıxmışam ki ata…

İllər ötdu…

Hər şey çox yaxşı gedirdi,

Bu dünyada mənim üçün bir sən var idin

Tək sən…

Elə gözlənilmədən başladı ki qara günlər

Elə gözlənilmədən…

Niyə belə etdin ata?

Son nəfəsində nəydi səni çaşdıran?

Biz birimizə dayaq olmadıqmı həyatda?

Nə dedilər sənə ata?

Şeytan hansı qulağına böhtan pıçıldadı?

Hansı saxsıydı əlində sınan?

Tut ağacından hansı yarpaq düşdü zamansız?

Gör nə etdin ata

Arxada məzarını tanımayan oğul buraxdın.

Niyə qırdın ümidlərimi və

İnamımı insanlara?

Niyə kəsdin nəfəsimi

Nə üçün imkan verdin

Yandırılsın kitablarım?

Nə səbəblə damsız qoydun şəkər balanı?

Markalarımı aldılar əlimdən ata,

Oğlun bir nömrəli filatelist olacaqdı güya…

Olmadı!

Eşidirsən olmadı!!!

Nigilist oldu, mömin oldu, mürtəd oldu

Sonra təzədən müsəlman oldu

Ancaq filatelist olmadı ata!

Satdın məni ata,

Sındırdın oyuncaq qəlbimi…

Vedrə vedrə daşımadımmı nəcisini?

Can verdiyin günlərdə altını yumadımmı?

Balaca əllərimlə daha nə edə bilərdim sənin üçün ata?


ANA

Diqqətimə layiq olsaydın

Sənə də şer həsr edərdim…


DİLİNİZDƏN DÜŞMƏYƏNLƏR

Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş

NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS

Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki

Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami

Yüz qram süz Yüz qram süz Yüz qram süz Yüz qram süz

Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş Xaş

NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS NZS

Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki Peraşki

Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami Bir Nizami

Yüz qram süz Yüz qram süz Yüz qram süz Yüz qram süz

………..

Zəhrimar

Köpək uşaqları…


NİFRƏTİM MÜBARƏK OLSUN!

Zatı qırıq dəyyuslardan

Namussuzluq mücəssiməsi

Bəzi məmurlardan

İki üzlü bayquşlardan

Sonsuzluqdan

Vağzallardan

Mənsiz yatan qancıqlardan

Məndə batan istedaddan

Kölgələrdən

Döngələrdən

Maştağadan

Əli qanlı zabitlərdən

Bitli əsgər, yetimlərdən

Qondarma ziyalıların

Tozlu kitab rəflərindən

Tez əriyən dondurmadan

Xırda puldan

Lümpenlərdən

Suyu çirkli Xəzərimdən

Tində duran

Osturaqçı gənclərimdən

Üstünlüyü sadəcə

Ağ saqqalı olan

Ne menee osturaqçı

Qocalardan

Nifrət edirəm!


İSTANBUL

-Salam

-Salam

-İncimisən məndən bilirəm

-…

-Niyə susursan?

-…

-Yaxşı özün bilərsən

Düzü heç bilmirəm haradan başlayım

Çox pis hiss edirəm özümü son vaxtlar

Bu da azıymış kimi

Yox, yox…

Çok çətindir danışmaq

Qarşı tərəf susanda

Bunun nə demək olduğunu bilirsən?

Lənət olsun

Uşaq kimi hərəkət edirəm

Nə üçün zəng etdiyimi

Heç özüm də bilmirəm…

Amma çox fərqli olduğumuzu bilirəm…

Fədakar olmalıyıq sən demirdin mənə?

-O keçmişdə qaldı.

-Elə isə biz nəyi danışırıq?

-Zəng edən sənsən

mən nə bilim?

-Bilirəm həyacanlısan indi…

-Həyacanlı sənsən, mən yox

-Görürəm bir birmizi başa düşmürük

-Elədir ki var

-Ya da istəmirik

-Ola bilər

-Yaxşı çox uzadmıram sözü

Biz çox fərqliyik bilirəm

-Bunu ikinci dəfədir deyirsən

-Düzdür…

Məsafələrə məğlub

Məğrur könlümün

Səndən son bir istəyi var

İcazə verirsən?

-Buyur

-Bosforun kanalizasiya üfunətli sularına

Nəcis ətirli Xəzərdən salam de və…

Hərcailiyimi bağışla

Sevdiyin o böyük burnuma.

Bir İstanbul qədər

İstanbul var cibimdə

Unudma!

-Dayan! Dəstəyi qoyma!

-…


ALBANLAR

Doqquz iqlimli təbiət möcüzəli

Bu gözəl vətənimizin,

Əvvəllər sakinləri olub

Uzun boylu Albanlar

Mavi gözlü Albanlar

Şirin sözlü Albanlar…

İndi haradadır onlar?

Çox maraqlıdır, nə günah işlədilər,

Nə etdilər ki, qurutdu kökünü onların Allah?

Əvəzinə isə biz həşəratları yerləşdirdi bu torpaqlara.

Albanların günahı nəydi əcəba?

Allaha üsyan etdilər?

Qızlarıyla mazaxlaşdılar?

Müqəddəs məkanlarda,

kilsə mihrablarında qəhbələrlə oynaşdılar?

Nə elədilər ki məhv elədi onları uca Yaradan?

Əvəzinə isə biz həşəratları yerləşdirdi bu torpaqlara...


DİNİMİZ

Bozbaşdır

Aşdır

Süni gözyaşları

Parçalanan başdır

Yağlı saqqaldır

Zəncirdir

Dağ daşdır

Şarlatanların təhdidləri…

Mənası bilinməyən Yasin…

Fatihə…

Qurana inam,

Ancaq axirəti inkar…

Yox yox yanılıram

Axirəti ancaq

Haqsızlığa uğradıqda yada salırıq

Düşmənimizi cəhənnəmə yollayırıq

Onda cəhənnəmə inanmaq sərf edir çünkü…

Əsas insanlıqdır deyirik.

İnsanlıqdan da payımız yoxdur.

Ürək təmiz olsun deyirik

Ürəklərimiz də poxdur.

Riya və xəyanət doludur gövdələrimiz.

(Haşiyə: İstisnasız bütün azərbaycanlılar

hesab edir ki ürəyi təmizdir)

Bir millətin ki ola
Babək adlı qəhramanı...
Mən təzadlar yorğunuyam
Dinimiz bir oyuncaq...

Əşşi
Mən riyanın yorğunuyam
Sizə məhəbbətlər yollayıram
Qucaq, qucaq...

Di canınız cəhənnəmə…


ZEHİN ONANİZMİ

Birləşən və ayrılan yollar

Məni hara aparır?

Qanımı axıdmaq üçün

Səbəb mi axtarır

O xain?

Gəl,

bax,

gör

Əlim bomboş

Elə ürəyim də

Dolu olan nəfəsimdir ancaq

Boşaldmaq istədiyimdə

Səbəb mi əxtarıram?

Bəlkə də…

Nə üçün ölmürəm?

Bilmirəm…

Elə sən də!

Nə üçün yaşayırsan?

Kimin üçün varsan?

İmkan ver aralanım səndən

Atlayım asfaltın ortasına

Yapışım yerə

İzim qalsın

Köpək leşi sanki…

Dırnaqlırımı tut

Uzanan dilimi də kəs

Amma böyümə qabiliyyəti olmayan

Üzvlərimə toxunma,

Sənə də gərəkdir

Mənə də…

Bugün bazara getmişdim

Sözün qiyməti qalxıb

Kiloynan satırdılar

Bir qram aldım

Elə bu da bəsimdir…

Kül olsun başına

Bu na paltardır geyinmisən?

Gen bol ətəklərindən

Bütün şəhər yapışsın istəyirsən?

Tutaq ki yapışdı

Hara sürüyəcəksən o sürünü?

Belim qaşınır

Gəl qaşı

Ancaq asta qaşı

Sızanaqlara toxunma!

İndi də gəl yataq,

Baş ayaq yataq,

Narahat olma

Corablarımı çaxardıram.


ƏCLAF

İdeya: Həmid Herişçi


Mən əclafam!

Duzqabımız da əclafdır

Tez tez deşiyi tutulur

Çayndanımız da əclafdır

İçi tez tez əclaflıq bağlayır

Bəli mən əclafam

Boynuma alıram

Əslində ətirafa da ehtiyac yoxdur.

Əclaflığımda ot qədər sadə

Səma qədər təmizəm.

Gözələm əclaflığımda

Əclaflığımı sevə də bilərlər

Hətta sevirlər də.

Çoxlarına əclaflığım xoşdur

Əclaf olmayanda

Heç salam da vermirlər adama

Ən çox əclaflığımı duyan isə

Məscidimizdəki axunddur

Çünkü özü də əclafdır

Bizim əclaflıqlarımız dostdur

Əclaflığımın mayası,

Batareyası yoxdur.

Vətənimdən

Atamdan

Anamdan qidalanıb əclaf olmuşam.

Çəkdiyim siqaretin tüstüsündən də

Latın qrafikasıyla havada

Əclaf sözü yazılır.

Hətta orada

Ə və C hərfləri də xüsusən aydın oxunur.

Əclaflığın milli naxışları zəngindir

Folklorumuzdan qaynaqlanır…

Əclaf deyəndə ayağa dur ki

Mənim ürəyimə toxunur!

Bir işdən ümidliyəm

Küçədəki insanlar da şükür

Hamısı əclafdır.

Əclaflığı birbirimizə ötürmək

Hamımızın müqəddəs borcudur.


SƏNİ ELƏMİŞƏM

Kitablarımla vidalaşıb

Anama, atama və sənə

Qurbətin eşşək gözlü diblərindən

Bakının xarabalıqlarına

Lənət demişəm.

Yazdığım məktubuma

Evimdəki hörümçək ağlayır.

Ağzım it iyi verir

Pivə şüşəsi zəfər elan edir.

Sən bu gecə gəlsən də

Üzünə baxmaram

Rədd ol ged evimdən

İfritə!

Bu bizim yazımız deyil

Bu payız da bizə yad

Bizə doğmalığı qalmadı qışın

Günəşlərimi söndürüb

Sandığımın içinə gizlənmişəm

İçdiyim içkilərin dadı qalmayıb

Dadı içimdə öldürmüşəm.

Səni kitablarımın yanına

Rəfə yerləşdirmişəm

Səhərə qədər çərənləməni

Duymamaq üçün

Əlinə bir xiyar vermişəm

İntihar etmək istəyirsən

Get tualetə